Müğənninin oğluna hökm oxundu
22.08.2019
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tuncay Vəliyev və Fərman Ocaqquliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə F.Ocaqquliyev 19 il, T.Vəliyev isə 12 il müddətinə azadlıqdan məhrum edilib. T.Vəliyevə ittiham olunduğu qəsdən adam öldürmə maddəsi üzrə bəraət verilib. O, yalnız narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib.
Xatırladaq ki, prokuror çıxışında hər iki şəxsin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, qətl hadisəsi ötən il iyunun 7-də Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində baş verib. Həmin gecə əvvəllər məhkum olunmuş Rəşad Hüseynov bıçaqla qətlə yetirilib.
Qətli törətməkdə şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Vəliyev saxlanılıb. Onun yaşadığı evdən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Məlum olub ki, R.Hüseynov taksi kimi fəaliyyət göstərdiyi avtomobilində öldürülüb.
İstintaq orqanı tərəfindən aparılan araşdırma zamanı qətlin daha bir iştirakçısı - F.Ocaqquliyev müəyyən edilərək saxlanılıb.
Xatırladaq ki, T.Vəliyev mərhum müğənni Vidadi Bərdəlinin oğludur. T.Vəliyev bir müddət müğənni kimi fəaliyyət göstərib.