İmamoğludan “bələdiyyə sədrləri” ilə bağlı AÇIQLAMA
19.08.2019
İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu üç şəhərin kürdyönlü Xalqların Demokratik Partiyasından olan bələdiyyə sədrlərinin vəzifələrindən qovulmasına sərt reaksiya göstərib.
O bu barədə Tvitter səhifəsində paylaşım edib.
"31 mart bələdiyyə seçkisində millətin səsiylə seçilən Diyarbəkir, Van və Mardin bələdiyyə sədrlərinin vəzifələrindən azad edilərək, yerlərinə qəyyum təyin edilməsi demokratiya ilə izah edilə bilməz. Millətin iradəsini heçə saymaq qəbuledilməzdir”, - o bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Türkiyədə 3 bələdiyyə sədri - Səlcuq Mızraqlı (Diyarbəkir), Əhməd Türk (Mardin) və Bedia Özgökçə Ertan (Van) PKK-ya dəstək ittihamı ilə vəzifələrindən azad edilib. Bundan sonra Diyarbəkir, Mardin və Van da daxil olmaqla, 29 bölgədə PKK-ya qarşı əməliyyatlara start verilib. Nəticədə 418 şübhəli şəxs terror təşkilatına dəstək verməkdə ittiham edilərək saxlanılıb.