Real TV-nin baş direktoru, tanınmış jurnalist Mir Şahin Gəncə teraktı ilə bağlı şok video yayımlayıb.
"Tarixi bir gündə görüşürük. Silahlı Qüvvətlərimizin daha bir əzəmətli əzələsinin-Dövlət Sərhəd Xidmətinin 100 yaşı tamam oldu.
Hər bir kəsi təbrik edirəm. Bu bayramın təkcə insanlarımıza yox, sərhədimizin içindəki hər bir canlıya, hər bir cansıza, otu və odu, südü və suyu daxil, daşı və torpağı, havası və suyu daxil olmaqla hər nəyə, hər kimə dəxli var. Sərhəd bayraqdan, gerbdən, himndən artıqdır. Çünki bayraq da, gerb də, himn də sərhədin nişanlarıdır. Biz bu gün Azərbaycan sərhədçilərinin Qazax istiqamətindəki uğurlarından, erməni silahlı qüvvələrinə öz yerlərini, daha doğrusu özgəsinin yerini göstərmək fədakarlığından danışmalıydıq. Ali Baş komandanın təltif etdiyi Xidmət rəisinin timsalında bütün Azərbaycan sərhədçilərinin Rəşadətini qeyd etməliydik. Amma sərhədçi təvazö sevər. Sərhədçi danışmağı yox, susmağı sevər. O susar ki, sərhəddə adicə mehin tərpətdiyi yarpağın, kolun, budağın xışıltısını belə eşidə bilsin. Hər kolun dibindən kimsə çıxa blər.
Sərhəd-Baş xətt deməkdir. Bu xətt olduqca hər birimizin adı böyük hərflə yazılır və yazılacaq. Elə buna görə də bu gün biz Sizinlə Dövlətin Baş Xətti ətrafında düzlənərək danışacağıq. Baş Xəttimizə baxıb öz xəttimizi tutuşduracağıq. Bəzən bizə elə gəlir ki, vətəndaş və dövlət ayrı-ayrı kateqotiyalardır. Ərazi bütövlüyündən danışırıq, amma onun əhali bütövlüyü ilə birbaşa bağlı olduğunu unuduruq.
Elə buna görədir ki, REAL Təhlil və İnformasiya Mərkəzi ATƏT-in Minsk qrupunun həmsədrlərinə sorğu göndərib onlardan Ermənistanın Baş naziri Paşinyanın Qarabağı Ermənistan ərazisi elan etməsinə təcili münasibət bildirməyi tələb edir. Çünki, bu bəyanat ATƏT-in Qarabağ münaqişəsinin nizama salınması məqsədilə 26 ildirki yaratdığı Minsk Qrupunun fəaliyyətinin iflasa uğramasından xəbər verir. Bu bəyanat problemin danışıqlar yolu ilə həllindən başqa həll variantı yoxdu məntiqinə söykənən məntiqin süqutudur. Hə, biz sorğu göndərmişik və gözləyirik. Cavab alana qədər göndərəcəyik. Bu bizim vətəndaş borcumuzdur. Dövlət borcumuzdur. Dövlət olaraq borcumuzdur. Yəni dövlət və vətəndaş olaraq birik. Biri-birimizik. Birinin davamı, əvvəli, əlavəsi sonu yox bir-birimiz. Vahid. Tam. Bütün. Ona görə də hər bir vətəndaş dövlətin hissəsi tək, parçası tək, zərrəsi tək bir Azərbaycan məsuliyyəti, bir Azərbaycan qayğısı daşımalıdır. Övladı dövlətdən çox sevmək olmaz. Bu baş verirsə, deməli nəsə düz deyil. Dövlətin bir adı vətəndir. Bəzən ana və vətən arasında anlaşılmazlıq yaranır. Ana övladının səhvini, günahını, hətta cinayətini öz Böyük Həmkarından-Vətəndən üstün tutur.
Şəbəkələrdə bir qrup adam böyük hay-küy qaldırır. Dövləti, məhkəmə sistemini, polisi lənətləyirlər. İnternet tv-lərin çərənçilərinin çiyinlərinə ağlayırlar. Bu yaxınlarda sosial şəbəkələrdə bir fraqmentə rast gəldim. 2018-ci ilin yayında Gəncə şəhərində Yunis Səfərovun Gəncənin icra hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı törətdiyi terror aktı və onun bu addımı ətrafında baş verən terrorçuyla həmrəylik, terrora dəstək aksiyasının bu günlərdə davam edən məhkəmə araşdırmasına şübhəlilərin yaxınları, xüsusilə analarının etirazı ilə bağlı idi. İşgəncə altında ifadə alıblar, balalarımızın günahı yoxdur, qaytarın övladlarımızı, Qarabağda vuruşacaqlar və s. Əsəbi, qızğın, emosional bir qadın, təqsirləndirilən Elmir Hüseynzadənin anası Sevinc xanım hansısa həvəskar TV-nin mikrofonuna danışırdı.
Planlaşdırılmış terror və terroru dəstəkləyənlər
Əslində, ötən ilin iyul ayında, Elmar Vəliyevə terror cəhdilə başlayan, planlaşdırılmış şəkildə Gəncədə iki polis zabitinin amansızlıqla qətlə yetirilməsilə davam edən hadisələri həm rəhbəri olduğum REAL, həm də şəxsən bir jurnalist kimi mən hələ o zaman axan qanların isti vaxtında ətraflı işıqlandırdığımızdan bu mövzuya proseslərə hüquqi qiymət veriləndən, necə deyərlər məhkəmə bitəndən sonra qayıtmaq niyyətindəydim. Amma Sevinc xanımın müraciətinə, çox kəskin və əzəbli müraciətinə cavab olaraq gəldim və demək istəyirəm ki, Mir Şahin burdadır. Yox ölməyib. Heç kimə də ölüm arzulamır. Bir halda ki, gəlməyimi istəyirsiz, arzu edirsiz, daha doğrusu sərt şəkildə tələb edirsiniz, buyurun, burdayam. Yeri gəlmişkən məni tələb etməyinizlə yaratdığınız vəsiləyə də tamaşaçılarımıza ən dəqiq məlumatların çatdırılmasının növbədənkənar, fövqəladə fürsəti kimi yanaşıram. Bu fürsəti yaratdığınıza görə isə, Sevinc xanım, Sizə xüsusi minnətdarlığımı bildirirəm. Amma bir az əvvəldən başlamaq istəyirəm. Çünki hadisənin üstündən bir il bir aydan da artıq vaxt keçib. Peşə borcunu, özü də silahsız şəkildə yerinə yetirərkən qətlə yetirilmiş iki polis zabitinin İcra Hakimiyyətinin qarşısındakı meydanda axıdılan qanı çoxdan quruyub. İndi daha çox sosial şəbəkələrdə "Balamı qaytarın! Balamı qaytarın!” tipli tələblər daha çox gözə-qulağa dəyir. Amma mən, biz ona görə varıq ki, tarix yaddan çıxmasın. Çıxmağa qoymayaq. Ötən il, iyul Hadisədən sonra, iyul ayının 11-də Gəncədən hazırladığım çıxışı Sizə, o cümlədən də Sevinc xanıma təqdim edirəm.
Belə. Deməli, əvvəlcə bunu yadımızda saxlayaq. İndi isə meydana gələnlərin məqsədi və niyyəti barədə danışaq. Yadınızdadırsa, Elmar Vəliyev terrora məruz qoyulandan sonra sosial şəbəkələrdə, vurulmuş başçının ailəsinin, yaxınlarının Gəncədən çıxarılması tələbilə ciddi kompaniyaya start verilmişdi. Bu tələblə İcra Hakimiyyəti binasının qarşısındakı meydanda kütləvi aksiya keçiriləcəyinin elanı paylaşılırdı. Əli Kərimli, Sevinc Osmanqızı, Vidadi İsgəndərli, Qurban Məmmədov, Qənimət Zahid və bu kimi başqa güruhbaşıların fəal iştirakıyla Yunis Səfərovun terror hərəkəti təqdir olunmaqla aksiyanın təbliğatı aparılırdı. Əli Kərimliyə, Osmanqızına, Qənimət Zahidə yaxın siyasətçilərin, şəbəkə tanınmışlarının profillərində Yunisin şəkli qoyulmuşdu. Bəs Elmar Vəliyevi öldürmək üçün qəsd edən Yunis kim idi? Bu sualın cavabını verəcəyik əlbəttə. Amma çox xahiş edirəm, diqqətlə qulaq asın. Çünki, bu gün mühakimə edilən, dərdli anaların "balamı qaytarın! Övladımı qaytarın” tələblərinin predmetləri olan insanların əməli, əməlin xüsusi çəkisi haqqında dolğun və əsaslı təəssürat əldə etmək üçün bu son dərəcə vacibdir. Bəri başdan deyim ki, indi eşidəcəyiniz məlumatların əksəriyyəti yenidir. Yəni Siz onlar barədə ilk dəfə eşidəcəksiniz. Bəzi videokadrları isə ümumiyyətlə ilk dəfə görəcəksiniz. O zaman anlaşılacaq ki, ömürlərinin müəyyən illərini həbsxanada keçirəcək insanaların törətdiyi əmələr niyə ağır sayılır. Niyə onları özləri demişkən, evə, analarının yanına buraxmırlar. Sevinc xanımın və onunla bərabər emosianal çıxışlar edən başqa qadınların, anaların dərdini başa düşürəm. Amma burda analıq, balalıq kimi məhrəm, doğma hisslərə şərik çıxmaqdan daha artıq mətləblər var. Söhbət dövlətdən gedir. Beləliklə, xatırlayaq. 2018-ci il iyul ayının 3-də Gəncə İcra hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi terror hücumuna məruz qaldı. Bunu edən Yunis Səfərov idi. Qayıdıram bir az əvvəlki suala: kim idi Yunis Səfərov? O doğrudanmı kasıbların, yoxsulların, inanclı inanların Qaçaq Nəbisi idi? İndi sizə təqdim edəcəyim arayışdan görəcəksiniz hər şeyi. Mən sizi yönləndirə biləcək bir vergül, bir nöqtə belə qoymayacam.
Yunis Səfərov 1996-cı ildə valideynləri və bacısı ilə birgə daimi yaşamaq üçün Gəncə şəhərindən Rusiya Federasiyasına gedib. Savadsız birisi deyil. 2000-2005-ci illərdə Moskva Pedaqoji universitetinin hüquq fakültəsində, 2005-2007-ci illərdə Moskva Müəllimlərin Təkmilləşdirilməsi üzrə Pedaqoji Akademiyasının aspiranturasında təhsil alıb. 2002-ci ildən etibarən islam dininin şiə təriqətinə etiqad etməyə başlayıb. 2003-cü ildə azərbaycanlıların diaspora təşkilatının Moskva şəhərində keçirdiyi tədbirdə sabiq daxili işlər nazirinin müavini, 1995- ci il Mart Qiyamının lideri kimi tanıdığımız Rövşən Cavadovun oğlu Laçınla, onun vasitəsilə Mahir Cavadovun oğlu İran İslam respublikasında yaşayan Maqsudla tanış olur. Maqsudla tanışlıq internet vasitəsilə baş verir. Yunis 2004-cü ildə Moskvadan İrana, Məşhəd və Qum şəhərlərinə ziyarətə gedir. 12-15 nəfərlik qrupla birgə. Səfər xərclərini isə İran İslan respublikasında ödəyirlər.
Yunis Səfərov 2007-ci ildə, iyun ayının 20-də "Samur” sərhəd nəzarət məntəqəsindən keçərək Azərbaycana gəlir, 17.09.2007-ci ildə "Bakı-Tehran” aviareysi ilə İrana gedib, Qum şəhərində Mahir Cavadovun oğlu Maqsudla birgə Məşhəd şəhərini ziyarət etdikdən sonra 20.09.2007-ci ildə "Tehran-Bakı” aviareysi ilə qayıdır, dekabrın 3-də isə "Bakı-Moskva” sərnişin qatarı ilə ölkəni tərk edib Rusiya Federasiyasına gedib. 2007-ci ildə İranda yaşayan Maqsud Cavadovun təklifi ilə Moskva şəhərində, internet sosial şəbəkəsində yaradılmış və Azərbaycan hakimiyyətinə qarşı müxalif mövqelərin müzakirə olunduğu "Azdiaspora Forumu”na qoşularaq diskussiyalarda iştirak edib, səhifənin admini ilə tanış olub, Azərbaycan Respublikasında qanuni hakimiyyətin silahlı mübarizə yolu ilə devrilməsi barədə adminlə çoxsaylı müzakirələr aparıb. 2008-ci ilin mart ayının 8-də "Moskva-Gəncə” aviareysi ilə Gəncə şəhərinə gəlib martın 9-da Gəncə şəhər sakini Şərafət Nəcəfi Şahin qızını qaçıraraq ailə həyatı qurub və onunla birgə 10 martda "Bakı-Moskva” avia reysilə ölkəni tərk edib. 2008-ci il oktyabr ayının 30-da qaynatasıgillə barışmaq üçün həyat yoldaşı ilə birgə Dağıstandan keçərək Azərbaycana gəlib, dekabr ayının 4-də "Bakı-Tehran” aviareysiylə təklikdə İrana gedib Maqsud Cavadovla görüşüb, onunla birgə ziyarətgahları ziyarət etdikdən sonra dekabrın 7-də Tehran-Bakı aviareysiylə Azərbaycana qayıdıb. Yunis Səfərov 2010-cu ildə Moskvada, Taqanski metrostansiyasının yaxınlığında yerləşən mağazada fəhlə kimi təmir işləri görür. 2010-2012-ci illərdə Moskva şəhərində Yunis Səfərov daha 3 nəfərlə görüşərək Azərbaycanda silahlı mübarizə vasitəsilə devrilməsi planlarını müzakirə edib. 2012-ci ilin qış aylarında Smolensk vilayətində yerləşən meşəlik əraziyə gedərək bu şəraitdə yaşamağı və topoqrafik xəritələrdən istifadəni öyrənib. 23 aprel 2012-ci ildə xüsusi hazırlanmış şəxsin məxfi surətdə, qeyri-qanuni Azərbaycana gələ bilməsi üçün tanışının Gəncə şəhərində yaşayan əmisi Moskvaya çağrılır, onun anket məlumatlarından istifadə olunmaqla Azərbaycanın Moskvadakı Səfirliyindən həmin şəxs üçün saxta qayıdış şəhadətnaməsi alınır həmin sənəd əsasında sonuncu aprel ayının 30-da Moskva-Bakı qatarı ilə daha iki nıəfərlə birlikdə Azərbaycana gəlir. Yunis Səfərov özü isə həmin şəxslərdən əvvəl artıq Bakıya gəlmişdi.2012-ci ilin yaz ayalrında Yunis Səfərov Bakıdan Gəncəyə gedərək, dostluq münasibətlərində olduğu bir nəfərlə görüşüb planlarını həyata keçirmək üçün ondan silah istəyir və həmin şəxs ona 1 ədəd Kalaşnikov markalı avtomat və 1 ədəd "Makarov” markalı tapança verir. Yunis Səfərov həmin silahları Bakı şəhərinə, anasının evinə gətirir.2012-ci ilin yaz aylarında Yunis Səfərovun yaratmaq istədiyi partizan dəstəsinə əlavə şəxsləri cəlb etmək üçün apardığı danışıqlar uğursuz alınır. Plan baş tutmadığından Yunis Səfərov 1 ədəd Kalaşnikov markalı avtomatı və 1 ədəd Makarov tipli tapançanı Bakıdan Gəncə şəhərinə apararaq aldığı şəxsə təhvil verir. Sonra Yunis və dostları ayrı-ayrılıqda Moskvaya qayıdırlar. 2012-ci ildə Yunis Səfərov Moskvada bir tanışı vasitəsilə, 1994-cü ilin oktyabr hadisələrindən sonra Azərbaycan hökumətində yüksək vəzifəsini itirmiş bir şəxslə tanış olur, onun telefon nömrəsini götürür, Moskva şəhərinə gəldikdə taksi sürücüsü kimi onun xidmətində durur. 2016-cı ilin fevral-mart aylarında əslən Gəncə şəhərindən olan, Moskva şəhərində stomotoloq işləyən və ibadətlə məşğul olan bir nəfərlə tanış olur. Tanışı ona İranda Rövşən Əhmədzadə adlı tanışının yaşadığını deyir. Həm də bildirir ki, Rövşən Əhmədzadə islam dininə sıx bağlı olan şəxslərin İslam İnqilabı Keşikçiləri korpusunun SEPAH-ın hərbi təlimlərinə cəlb edilmələrinə kömək edə bilər və bu barədə mobil cihazında olan, Rövşən Əhmədzadənin videomüraciətini ona izlədib. Yunis bu zaman həmin təlimlərdə iştirak etmək istədiyini söyləyir, stomotoloq isə ona Moskva şəhərində yaşayan, əslən azərbaycanlı, başqa anket məlumatlarını bilmədiyi şərti adı Emil olan şəxsin telefon nömrəsini verərək onunla əlaqə saxlamasını tapşırır. Bununla da diş həkiminin vasitəsilə Yunis öz dişlərini daha da itiləmək üçün SEPAH-ı seçir. Və Rövşənə zəng vurur. Rövşən Yunisi hərbi təlimlərdə iştirak etmək üçün İrana dəvət edir.Yunis İrana getmək üçün pul əldə etməkdən ötrü 2012-ci il buraxılışlı "Chevrolet Cruz” markalı avtomobilini 5000 ABŞ dollarına satır. Bir müddət sonra, daha dəqiqi 2016-cı ilin fevral-mart aylarında Moskvada həmin Emil adlı şəxslə görüşür, hərbi təlimlərdə iştirak etmək üçün İrana getmək istədiyini deyir, Emil isə onu yola salmağa söz verir. Sonra Yunis Səfərov Moskva şəhərində yenidən "Emil adlı şəxslə görüşür. Onun yanında tanımadığı, əslən azərbaycanlı bir nəfər başqa şəxs də olub və Emil Yunisə deyir ki, İrana həmin şəxslə gedəcək. Yunis Səfərov hər ikisinin biletlərinin alınması üçün Emilə 19000 Rusiya rublu verir. İrana getməzdən əvvəl isə ona 300 ABŞ dolları da verilir və bunun Moskvada yaşayan inanclı adamlardan xüms pulu kimi yığıldığını deyərək İranda Rövşən Əhmədzadəyə çatdırmağı tapşırırlar. Biletləri alındıqdan sonra onlar Yunis Domodedovo aeroportundan Bakı Hava limanından tranzit olmaqla, Azərbaycanın dövlət sərhəddini keçmədən Tehrana uçurlar. Yunislə birlikdə gedən, naməlum şəxs- vizası olduğuna görə Tehran aeroportundan rahatlıqla keçir. Yunis üçün isə Rusiya vətəndaşı olduğundan viza tələb olunur. Buna görə Tehran aeroportunda onu saxlayırlar. Viza düzəltmək üçün isə 98 və ya 99 ABŞ dolları ödəməli olduğunu bildiriblər. İran İslam Respublikasında yaşayan Rövşənlə telefon əlaqəsi saxlayırlar, Rövşən isə onlara məsləhət görür ki, verilmiş xüms pulundan viza üçün ödəsinlər. Sonra Yunisgil taksi ilə Qum şəhərinə yola düşürlər. Rövşən Əhmədzadənin yönləndirməsiylə onlar Xatəmi adlı İran azərbaycanlısının Qum şəhərində yerləşən iki mərtəbəli evə gedirlər. İki ay müddətində Xatəminin evində qalırlar. Bu müddətdə Rövşən ya bir həftəlik ərzaq, ya da ərzaq almaq üçün pul gətirir. Amma ay yarım sonra onunla birlikdə gələn naməlum şəxs Rövşən Əhmədzadəyə onları uzun müddət gözlətdiklərinə görə iradını bildirir, daha hərbi təlimlərdə iştirak etmək istəmədiyini deyir və geri qayıdır. Həmin şəxs geri qayıdandan sonra Yunis Moskvaya zəng vurub arvadı və uşqalarını da İrana çağırır və onlar Qum şəhərinə gələrək Yunisin yanında yerləşirlər. İki aydan sonra Rövşən Əhmədzadə onu Qum şəhərində yerləşən tələbə şəhərciyinə, iki həftə sonra isə onu hansısa həyət evinə aparır. Bu evdə keçirilən toplantıya Yunis də qatılır. Yunis Azərbaycan Respublikasının vətəndaşı, dövlətimiz əleyhinə sərt çıxış və silahlı çevriliş çağırışları ilə tanınan, Tohid İbrahimbəylini də ilk dəfə həmin toplantıda görür. Burada əsil adlarını bilmədiyi Təqi, Abdulla, Əbdülrəhman, Nurlan kod adlı azərbaycanlılar, eləcə də Qum şəhərində dini məktəblərdə tələbə olan Musa, Rövşən, Nasir, Orxan, Miqdad, Muxtar kod adlı azərbaycanlılar da olur. Toplantıda Tohid İbrahimbəyli Suriyada dini ziyarətgahları müdafiə etməyin onların borcu olduğunu deyib, onlara paylanılan anketləri doldurmağı tapşırıb.Toplantıdan sonra Yunis həyat yoldaşına Suriyaya SEPAH-ın tərkibində hərbi təlim keçməyə gedəcəyini deyir və arvadı bu xəbəri normal qarşılayır. Bir-iki gün sonra Musa Yunisə zəng edərək paltarlarını toplamasını və getməli olduqlarını deyir. Və Yunis Tohid İbrahimlinin başçılığı ilə 10 nəfərlik qrupla mikroavtobusla Tehran aeroportuna yollanır, oradan da təyyarə ilə Suriya Ərəb Respublikasının Dəməşq şəhərinə gedir. Dəməşqdə onları əslən azərbaycanlı olan "Əbu Əmim” kod adlı şəxs qarşılayıb, tanımadığı bir yerdə villada yerləşdirib, onlara hərbi paltarlar və "Kalaşnikov” tipli avtomatlar paylayıb, daha sonra isə Hələb şəhərinə aparıb orada təlimlər keçir, xəritə ilə işləməyi, müxtəlif üsullarla, ulduzların yerlərilə istiqaməti müəyyən etməyi, döyüş taktikasını və sair öyrədir, 4-5 gündən sonra Dəməşqə qayıdaraq qaldıqları villada əslən ərəb olan müəllimlər onlara kvadrohelikopterləri uçurmağı və idarə etməyi öyrədiblər. Bir həftə ərzində Yunisgil Dəməşqdə qaldıqdan sonra hamılıqla Suriyanın Palemira şəhərinə gedirlər. Palimerada qalarkən döyüş taktikasını öyrənmək üçün üç-üç ayrı-ayrı suriyalılardan ibarət qrupların tərkibinə daxil edilirlər. Palimera şəhərindən sonra, Qum şəhərinə, ailəsinin yanına qayıdaraq, sənədlərinin qaytarılmasını gözlədikdən sonra, 2016-cı ilin dekabr ayının 2-də Astara sərhəd nəzarət məntəqəsindən keçməklə ailəsi ilə birlikdə Azərbaycan Respublikasına qayıdıb.
Yunis Səfərovun tərcümeyi-halının bəzi detallarını da nəzərinizə çatdıraq: atası Rafiq Səfərov Yunis oğlu arvadı Leylaxanım Hüseyn qızından rəsmən ayrılıb və Rusiya vətəndaşı olmaqla uzun müddətdir ki, həmin ölkədə yaşayır. Anası İsmayılova Leylaxanım Hüseyn qızı Gəncədə anadan olub, Rusiya Federasiyasının vətəndaşıdır. Rusiya Federasiyasının Xüsusi xidmət orqanlarında tərcüməçi vəzifəsində işləyir. Moskvada yaşayır. Bacısı Lalə Cəfərova Rafiq qızı Gəncədə anadan olub. Moskvada, anasının yaşadığı ünvana qeydiyyatda olsa da, Yunanıstanda yaşayır. Ərinin adı Nikolasdır. Arvadı Şərafət Nəcəfi Gəncədə anadan olub. İki azyaşlı övladı var. Rusiya vətəndaşıdır. Yunis Səfərovun nənəsi, yəni atasının anası Karapetyan Svetlana Akopovna Daşkəsən şəhəri Caparidze küçəsi, ev 10 ünvanında qeydiyyatdadır. Belə bir Əhli Beyt aşiqi Yunis. İnternasional.
Beləliklə, bu Yunis Səfərovu tanıtmaqdan ötrü təqdim etdiyim bəzi seçmələr. Bu məlumatlar onu göstərir ki, Yunis təsadüfi xətaya düşmüş, hansısa dövlət məmurunun idarəçiliyini sərtliyi və davranışının ictimai qeyri-populyarlığının qəzəbləndirdiyi, emosianal cırtqoz deyil. Sizə təqdin etdiyim arayışdan da görünür ki, Yunis Azərbaycan respublikasının ikinci ən böyük şəhərini başsız qoymaq planını Elmar Vəliyevin xüsusi keyfiyyətlərindən narazı qaldığına görə cızmayıb. Yunisin sosial şəbəkələrdə bir-birinin ardınca yaydığı müraciətləri var. Bu müraciətlərdə o hər bir addımını soyuqqanlılıqla atır. Hər bir amansız hərəkətini əsaslandırmağöa çalışır. Yunis Səfərli Elmar Vəliyevi qətlə yetirmək planını icra etmək məqsədilə gözləmək üçün Yeni Gəncədə hündür binalardan birinin damında iki-üç gün qaldığını, sonra bir polis əməkdaşının onun izinə düşdüyünü və onun əslində qanuni tələbləri müqabilində necə bezdiyini və güllələdiyini necə sakit danışır, Mayakovskidən necə iqtibas gətirir. Ən müdhişi də bilirsiz nədir, adam etiraf edir ki, ona terrorçu deyəcəklər və nə olsun ki, qoy desinlər də... Mən Sizə indi Yunisin başqa bir videomüraciətindən kiçik bir hissə göstərəcəm. Sevinc xanım və digər analar, bacılar, Sizi unutmuram, əlbəttə övladlarınızın azadlığını tələb etməyinizlə bağlı addımlarınıza münasibətim olacaq. Amma istərdim ki, bu fraqmentə baxaq. Kiçik bir arayış. Deməli Yunis bu müraciəti Terror cəhdindən əvvəl edib. Nə qədər əvvəl olduğunu bilmirəm, o qədər vacib də deyil. Əsas niyyətdir. Niyə çəkib Yunis bunu? Diqqət. Yunis Səfərov şəbəkə vasitəsilə müraciət edir.
Bu müraciət Elmar Vəliyevin öldürülməsindən sonraya hesablanmışdı. Plana görə daha bir neçə məmur öldürülməliydi. Yunisin müraciətində bizə klassik terrorçu dəst-xəttindən bəlli olan bir üsul var. Məsuliyyəti öz üzərinə götürmək. Yəni biz öldürmüşük və niyə öldürmüşük.
Yunis Səfərov bu addımı dövləti sarsıtmaq məqsədilə atmışdı. İndi isə Gəncə İcra Hakimiyyətinin binası qarşısında keçirilən qanunsuz aksiyada qətlə yetirilən polis zabitləri mövzusuna qayıdaq. Amma bir qədər səbr edin. Deməli Yunis iki hadisədə iştirakını nümayişkaranə şəkildə etiraf edir. Bunlardan biri budur. 2018-ci il yanvar ayının 20-də Gəncədə törətdiyi cinayət hadisəsi.
Dövlət əleyhinə yönəlmiş mütəşəkkil cinayət
Beləliklə, Yunis Səfərovun ilk növbədə dövlətin polisinə qalxmış əli məqsədyönlüdür. Polis ona görə qətlə yetirilməlidir, ona görə məhv edilməlidir ki, o Azərbaycan dövlətini qoruyur. Sağ əlidir. Yunis Suriyada, İranda başqa dəyərləri müdafiəyə öyrədilib. Beyni yuyulub. Ona görə də Azərbaycan polisində düşmən görür. İndi isə qayıdaq. Bakıya. Gəncədə iki polis zabitinin öldürülməsilə müşayiət olunan iğtişaşa. Yunisin polisə elan etdiyi müharibəni Rəşad Böyükkişiyev davam etdirir. Sevinc xanım da daxil olmaqla həmin hadisələrdə, kütləvi qarışıqlıqda iştirak edənlərin anaları, valideynləri, yaxın qohumlarının "Balamı buraxın!” tələbinə. Bu balaların günahı nədir? Və niyə mühakimə olunurlar? Onların bir qrupu Rəşad Böyükkişiyevin ətrafında halə, ətdən çəpər çəkərək qoruyucu zolaq yaradıblar və qatil buna görə iki polis zabitini qətlə yetirə, bir zabiti isə yaralaya bilib. Bəs kimdir bu adamlar. Doğrudanmı Azərbaycan qanunlarının Sevinc xanım və başqa valideynlərin balaları ilə şəxsi-qərəzliyi var? Sevinc xanım Hüsenzadə artıq siyasi bəyanatlar verir və bildirir ki, onun övladı heç bir səbəb olmadan həbs edilib. Sanki məktəb pəncərəsinin şüşəsini sındırıbmış, bir qələtdi edib, day uşağı buraxsınlar. Amma söhbət kifayət qədər ağır hadisədən, dövlət əleyhinə yönəlmiş mütəşəkkil cinayətdən gedir. O hadisədən ki iki polis zabiti qətlə yetirilib.
Sevinc xanımın balası-Elmir Hüseynzadə öz izahatında yazır: " "Sosial şəbəkələrdə 10 iyul 2018-ci il tarixdə Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydanda aksiya olacağı barədə xəbərlər oxudum. Ondan sonra məndə həmin aksiyada iştirak etmək istəyi yarandı. Belə ki, 3 iyul 2018-ci ildə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və mühafizəçisinə Yunis Səfərov tərəfindən sui-qəsd olunmasından xəbərim olub və həmin aksiyanın Elmar Vəliyevin ailəsinin şəhərdən çıxarılması barədə olduğunu da bilirdim. Belə ki, 10 iyul 2018-ci il tarixdə səhər saat 10 radələrində köhnə iş yoldaşım Səbuhi və Şahin Verdiyevlə birlikdə Xan Bağında çay içdik və saat 11 radələrində ordan durub birbaşa iş yerimə getdim. Təxminən 18 radələrinə kimi işdə olduqdan sonra "Zolotiy Korana” ya getdim və orada qardaşımın evə göndərmiş olduğu 100 manat məbləğində pulu götürərərk evə apardım. Evimin qarşısında olarkən dostum Şahinlə birlikdə şəhərin mərkəzinə aksiyaya getməyi qərarlaşdırdıq. Biz saat 20 radələrində İcra hakimiyyətinin qarşısındakı meydanda olduq və ora çatanda insanların ora-bura gəzdiyini gördük. Biz də Şahinlə birlikdə meydanda hərəkət edən zaman səs-küy qopduğunu eşitdim. Həmin vaxt insan kütləsinin polislərə qarşı nalayiq ifadələr işlətdiyini və onlara daş parçaları atdığını gördüm. Mən də bundan həvəslənərək yerdən tapdığım daşı polislərə tərəf atdım, Bu vaxt kütlənin içərisində əvvəllər tanımadığım bir nəfər qara paltar geyinmiş şəxsin əlində xəncərlə polislərə tərəf qaçdığını onlara zərbə endirmək istədiyini gördüm. Bundan sonra mən də həmin oğlanın arxası ilə polislər dayanana istiqamətə qaçdım... və s. Və i.a. Elmir Hüseynzadə daha bir dəfə bildirir ki, mən Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binası qarşısında kı meydanda polis əməkdaşlarına daş parçası atmışam və kütlənin içərisində olmuşam. Elmir az sonra bildirir ki, baş vermiş cinayəti əks etdirən kamera görüntülərində özünü görüb. " "Mənə hadisə yerinin kamera görüntüləri təqdim olundu və onu tam izlədim. Bildirirəm ki, mən kütlənin içərisindəyəm və orada baş verən hadisələr zamanı fəallardan biriyəm” Belə. Maraqlıdır burada hansı cümləni yazmaq üçün işgəncə tətbiq edilə bilərdi. 100 manatı evə apardığını bildirdiyi cümləyə görə. Sevinc xanım. Övladınızı heç kim sizin əlinizdən almır. Əksinə bəlkə də onun həyatında ilk dəfədir ki, normal vətəndaşa çevrilmək, islah olunmaq imkanı yaranır və gərək bir valideyn kimi bu prosesdə yaxından iştirak edəsiniz. İndi isə yaxınlarının, əzizlərinin günahsız olduğunu iddia edərək, bəzi dövlət strukturlarının qarşısını kəsən, təzyiq göstərən, şantaj edən başqalarının nəzərinə. İndi baxacağınız kadrlarda siz yaxınlarınızı iş başında görəcəksiniz. Məsələn, burada xüsusi nömrələr və oxlarla Siz kimi əlinin kiminin cibində olduğunu görəcəksiz.
Əlimizdə faktlar və etibarlı mənbələr kifayət qədərdir. Yaxın buraxılışlarımızdan birində mövzuya yenidən qayıdacağıq. Sadəcə olaraq mən bəzi epizodlar üzrə gəzişdim. Ona görə ki, sosial şəbəkələrin qeyri-ciddi, Osmanqızı və ya Azad söz səviyyəsində, yaxud səviyyəsizliyində apardığı güruh təbliğatı cahil, məlumatsız kütləyə işləyir, və onları aldatmaq o qədər də çətin deyil. Dövlətin əsaslarının zərbə altına alınmasına, polisin, qanunların, məhkəmənin gözdən salınmasına hesablanmış bu tryukların qarşısına faktın bütün gücü ilə çıxmaq lazımdır. Onsuz da məhkəmələr bu hadisədə günahlandırılan şəxslərə kifayət qədər humanis yanaşırlar. Məsələn, buyurun, mən bəzi şəxslərə ittihamın təklif etdiyi cəzanın qəti cəza ilə tutuşdururam. Başa düşürəm, Dövlət vətəndaş münasibətlərinin yeni məzmunu bizi daha çox əldə etməyə sövq edir. Maaş artsın, təqaüd artsın, müavinat artsın, təqaüdlər artsın və s... amma eyni zamanda istəyirik ki, cəza da azalsın, azalsın, azalsın. Amma unutmayaq ki, cəzanın azalması, dövlətin əzələlərinin boşaldılmasıdır. Baxmayaraq ki, cəza kəsilərkən ilk dəfəliklər, xüsusi sosial vəziyyətlər, elə analar nəzərə alınıb. Buyurun. Baxın. Məsələn.
Bayaq dedik axı. Dövlət bizdən kənarda, paralel bir struktur, platforma deyil. Dövlət bizik. Və dünənədək dövlətə görə canımızdan keçməyə hazır olduğumuzu bəyan etmirdik? İndi dövlət də deyir ki, sənin günahın budur, ömrünün bu qədərini cəza kimi həbsdə keçirməlisən. Necə oldu həyatımızı qurban verirdik, amma ömrün 4 ilini, 5 ilini yox. Özü də vətəndaşın günahı var. Ağır günahı var. Dövlətə əl qaldırıb. Terrora dəstək verib. Terrorçunu qoruyub. Onun meydandan qaçıb çıxmasına şərait yaradılmasında yaxından iştirak edib. Özü də bir şeyi başa düşməkdə çətinlik çəkirəm. Necə olur ki, Birləşmiş Ştatlarda facebook sosial şəbəkəsində status yazan Elmir Hüseynzadənin təxminən yaşıdı Riçard Kleyton yalnız status yazdığına görə həbs edilir. Bəli, düz eşitdiz. Məhz həbs edilir. Bilirsiz nə üçün: Riçard belə bir status paylaşıb: "Üç gündən sonra mən AR-15-mi, yarımavtomatik tüfəngi nəzərdə tutur. Geri alacam. Gələn həftə Bolmarta gəlməyin!” Bu statusdan sonra 26 yaşlı gənci Federal Təhqiqat bürosu və yaşadığı Vinter şəhər polislərinin birgə əməliyyatı nəticəsində həbs olunub. Onu ekstremizmin tərəfdarı olmaqda günahlandırırlar. Özü də Rəşad Böyükkişiyev kimi qatilləri, terrorçuları qoruduğuna görə yox, sadəcə saxta hesablardan hədə-qorxu məzmunlu statuslar paylaşdığına görə. 10 iyul 2018-ci ildə Gəncədə baş verən hadisələrin təhrikçiləri və icraçılarının telefonlarına kaş baxmaq imkanınız olaydı, bilirsiz nələr çıxır? Vaxt gələr bu barədə də danışarıq. İndi isə analar! Bilirəm çətindir, amma sizdən artıq da var. Bəli anadan artıq olan var. Onun adı Azərbaycandır, vətəndir".