Ailəsini yandıran şəxsə cinayət işi açıldı - RƏSMİ
18.08.2019
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində törədilmiş qətlin üstü "isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən verilən məlumata görə, avqustun 18-i Şəmkir rayonu, Sarıtəpə kənd sakini İlqar Məsimovun evində yanğın baş verməsi nəticəsində 2017-ci il təvəllüdlü Nicat Sadıqovun meyitinin aşkar olunması faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq orqanlarının əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini 1986-cı il təvəllüdlü Elmar Sadıqovun avqustun 18-i gecə saat 03 radələrində qayınatası İ.Məsimovun evinə daxil olaraq ailədaxili narazılıqlarla bağlı müvəqqəti olaraq ondan ayrılaraq yaşayan 1995-ci il təvəllüdlü həyat yoldaşı Mətanət Məsimovanı öldürmək məqsədilə özü ilə gətirdiyi benzini yatmış halda olan qayınanası 1964-cü il təvəllüdlü Səltənət Məmmədova və M.Məsimovanın üzərinə, eləcə də evin içərisinə tökərək yandırmasına, nəticədə həmin vaxt evdə olan E.Sadıqovun yatmış azyaşlı oğlu 2017-ci il təvəllüdlü Nicat Sadıqovun ölməsinə, M.Məsimova və S.Məmmədovanın isə müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmələrinə səbəb olmasına kifayət qədər əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.9(təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 29, 120.2.7( iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində E.Sadıqov tutularaq istintaqa cəlb olunub.
E.Sadıqov şübhəli şəxs qismində saxlanılaraq dindirilib və o, ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.