Dağlıq Qarabağ icmasından Avstraliyaya ETİRAZ
15.08.2019
"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” Avstraliyanın bəzi rəsmilərinin ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz separatçı rejimin "üzvləri”nin səfəri və səfər çərçivəsində keçirilən görüşlə əlaqədar Avstraliya hökumətinə və qanunverici orqanına etiraz məktubu göndərib.
İcmadan APA-ya verilən məlumata görə, məktubda bildirilir ki, qondarma rejimin üzvlərinin Avstraliyaya səfər etməsi birbaşa Avstraliya hökumətinin rəsmi mövqeyinə ziddir: "Avstraliya hökuməti Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyin dəyişməz olduğunu bəyan edib. Qeyd edirik ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağda etnik təmizləmə aparılıb və yüz minlərlə soydaşımızöz torpaqlarından didərgin düşüb. Bu gün erməni diasporu Avstraliyada qondarma rejimi təbliğ edir və işğalın nəticələrini legitimləşdirməyə çalışır. Belə bir məqamda qondarma rejimin "üzvləri”nə bəzi Avstraliya rəsmiləri tərəfindən "xoş münasibət” göstərilməsini biz, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq qəbuledilməz hesab edirik”.