İrəvan polisinin rəis müavini Valeri Osipyan bu səhər Nikol Paşinyana İrəvanda keçirilən kütləvi aksiyaların dayandırılması barədə polisin qərarını təqdim edib.
"Dövran Media" xəbər verir ki, o, bu barədə qərarın aprelin 16-da verildiyini açıqlayıb. Paşinyan isə ona təqdim edilən qərarı hər kəsin gözü qarşısında cıraraq yerə atıb.
Paşinyan tərəfdarlarına polisin əlinə keçməmək üçün necə etmək barədə təlim də verib. O, tərəfdarlarını kütləvi tətillərə başlamağa səsləyib:
"Dövlət müəssisələrinə girin, oturaq aksiyalar keçirin, küçələri bağlayın. Nazirliklərin girişini qapadın, onların işinə mane olun. Binalara daxil olun, amma heç nəyi dağıtmayıb. Nəqliyyatın işinə mane olun. Eyni zamanda səfirliklərin binalarını da mühasirəyə alın”.
Qeyd edək ki, İrəvanda artıq 5-ci gündür etiraz aksiyaları keçirilir. Aksiyada iştirak edənlər Serj Sərkisyanın baş nazir seçilməsinin əleyhinə çıxış edirlər. Etiraz aksiyalarına Yelk Blokundan olan deputat Nikol Paşinyan rəhbərlik edir.
İrəvanda baş tutan aksiyalarda artıq polislə də toqquşmalar qeydə alınıb. Nəticədə onlarla adam yaralanıb. Yaralananlar arasında Paşinyan da yer alıb.
Hakim Respublika Partiyası isə dünən Serj Sərkisyanın namizədliyini irəli sürüb. Bu gün saat 12:00-da parlamentin Sərkisyanı baş nazir kimi təsdiqləyəcəyi gözlənilir.
Paşinyan dünən etirazçıların parlament binasını mühasirəyə alacaqlarını da bəyan edib. Onlar parlamentə bütün girişlərə mane olacaqlarını bəyan ediblər.
Artıq Abovyan, Koryun, Teryan küçələri etirazçılar tərəfindən bloklanıb.
"Dövran Media" "News.am”a istinadən xəbər verir ki, polis ictimai asayişi pozan mitinqin dayandırılması barədə çağırış etsə də, etirazçılar buna məhəl qoymayıblar.
Bu gün səhər saatlarından nümayişçilər yenə mərkəzi küçələrə axışıblar. Qarşıdurma zamanı 30 etirazçı saxlanılıb. Yaranmış bir qarşıdurma nəticəsində 40-dan çox adam yaralanıb.