Sürət həddi endirildi
09.08.2019
Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədəBakı Nəqliyyat Agentliyindən bildirilib. Qeyd olunub ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.
"Məlumat üçün bildirək ki, bəzi yollarda yağış suyunun yığılması səbəbindən nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Bu səbəbdən də bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr müşahidə edilib.
Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.
Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir”, - deyə məlumatda qeyd edilib.