DYP sürücülərə müraciət edib
08.08.2019
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədi ilə sürücülərə müraciət edib.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, sürücülər meteoroloji şəraiti nəzərə almaqla avtomobillərini idarə etməlidirlər: "Bəzən sürücülər hava şəraiti nəzərə almadan avtomobillərini həmişəki qaydada idarə edirlər. Düşünürlər ki, hər-hansı yol-nəqliyyat hadisəsi baş versə, məsuliyyətə cəlb olunmayacaqlar. Lakin Yol Hərəkəti Haqqında qanunda yol və meteoroloji şəraiti nəzərə almamaqla törədilən qəzalarda sürücülər məsuliyyətə cəlb oluna bilər".
V.Əsədov belə hava şəraitlərində məsuliyyətə cəlb olunmamaq üçün sürücülər avtomobillərini idarə edərkən asfaltın vəziyyətini nəzərə almalarını, sürət həddini minimuma endirmələrini, ara məsafəsini normadan çox saxlamalarını, bütün diqqət hərəkət istiqamətin olmalarını, avtomobilin bütün texniki xarakteristikasını gözünün önündə canlandırıb, nəqliyyat vasitəsini ona görə idarə etməli olduğunu bildirib: "Əgər, sürücülərimiz bu qaydalara riayət etsə, yollarda baş verən qəzaların sayını minimuma endirmək olar".
V. Əsədov paytaxt ərazisində müahidə olunan yağışlı hava şəraiti nəticəsində bir-neçə yol-nəqliyyat hadisəsinin baş verdiyini bildirib: "Səhər saatlarında Ekologiya Postunun yaxınlığında beton maşınının sürücüsü yol və meteoroloji şəraiti, avtomobilin bütün texniki xarakteristikasını nəzərə almadığı üçün aşırıb. Nəticədə yolda uzun müddət sıxlıq yaranıb. Sürücülərimizdən bir daha bu sadaladığın qaydalara riayət etmələrini xahiş edirəm".