Avqustun 3-ü Qarpız günü qeyd edilir
03.08.2019
"Dövran Media" bildriri ki, Azərtac-ın Rusiyanın calend.ru saytına istinadən verdiyi məlumata görə, qarpızın haradan və nədən qaynaqlandığı barədə heç nə yazılmasa da, yaşıl zolaqlı bostan bitkisinin geniş yayıldığı və sevildiyi haqqında məlumatlar var.
Balqabaqkimilər fəsiləsinə məxsus birillik ot bitkisi tropik Afrikada yabanı halda yetişib. Onun Mərkəzi Namib səhrası və Kalaxarinin yarımsəhra zonasında bitdiyi hesab edilir və indi də həmin vadilərdə yabanı qarpız tağları ilə üzləşmək olar. Təxminən qreypfrut boyda acı dada malik qarpızın müasir forma və görkəmə düşməsi üçün təxminən 4 min il vaxt keçib.
Qədim misirlilər bizim eradan əvvəl təxminən 2000-ci ildə onu kəşf edərək üzərində təcrübə aparmağa başlayıblar. Yaponlar daşınma çətinliyinə görə kvadrat formada qarpız yetişdiriblər, lakin onlar bu yolla texniki problemləri həll etsələr də, onun dadında olan şirin təamı saxlaya bilməyiblər.
Hazırda dünyanın 96 ölkəsində 1200-dən çox qarpız növü yetişdirilir. Başqa ölkələrlə müqayisədə qarpız yeyilməsinə görə Amerika Birləşmiş Ştatları birinci yerdə gedir. Ölkədə qarpızın 300 növü var. Xüsusilə qitənin Latın amerikalı mənşəli əhalisi olan regionlarında qarpız çox məşhurdur. Birləşmiş Ştatlarda ildə 40-dən artıq qarpız festivalı keçirilir. Hətta bəzi bölgələrdə qarpızın tumlarını çırtlayaraq daha uzağa tüpürmək uğrunda yarış da keçirilir.
Rusiyaya qarpız VIII-X əsrlərdə Hindistandan gətirilib, əvvəlcə onu Volqaboyunda, sonralar ölkənin mərkəzi rayonlarında yetişdiriblər. Rusiyada daha çox Astraxan qarpızı sevilir.
Yaşıl zolaqlı giləmeyvənin qalın qabıqları içərisində yetişən qırmızı rəngli ləzzətli və şirin təamı ağzının dadını bilən heç kəsi ona biganə qoymur. "Yaz ola, dovğa ola, yarpızla, yay ola sərin sular sal buz ilə, payız ola, pendir-çörək qarpız ilə” deyimi ölkəmizdə onun ləzzətli ağız dadlarından olduğunu təsdiq edir. Azərbaycanda Şabran, Sabirabad və Zirə qarpızı daha çox məşhurdur. Qarpız qaraciyər, mədə, podaqra və ürək xəstəlikləri zamanı istifadə edilən pəhriz reseptlərinə daxildir. Böyrəklərdə olan daş və duzları əritmək üçün qarpız ən yaxşı vasitələrdən biri hesab olunur. El arasında əbəs yerə demirlər ki, çox qarpız yeyənin böyrəyində daş olmaz. Qarpızın suyunu bal və zəncəfillə qarışdırıb içəndə bəlğəmi kəsir. Qarpızın tumu da böyrək daşlarına qarşı faydalı vasitə hesab olunur.