21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Vətəndaşlarımız bu ölkələrə üz tutur - SİYAHI

03.08.2019

Kütləvilik meyarlarına görə vətəndaşlarımız əmək fəaliyyəti ilə məşğul olmaq üçün daha çox Rusiya, Ukrayna və Türkiyəyə üz tutur.
Xəbər verildiyi kimi, bunu Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov azərbaycanlıların daha çox işləmək üçün getdiyi ölkələri şərh edərkən deyib.
Sədrin sözlərinə görə, Rusiya daha çox azərbaycanlı miqrantların diqqət mərkəzindədir:
"Rusiya ilə çox sıx miqrasiya müqaviləmiz var. Oranın əmək bazarının çox geniş imkanları mövcuddur. Eyni zamanda, bu ölkədə diasporumuz nüfuzlu və genişmiqyaslıdır. Bir çox fəaliyyət sahələri ilə əlaqədar işlər həyata keçirilir. Bu səbəbdən Rusiya ərazisində çox sayda soydaşlarımız yaşayır. Ənənəvi olaraq bizim üçün maraqlı ölkə Rusiyadır. Böyük əksəriyyəti əmək fəaliyyəti ilə məşğul olmaq üçün bu ölkəyə üz tuturlar.
Rusiyanın rəsmi mənbələrindən əldə etdiyimiz məlumata görə, 600 minə qədər Azərbaycan vətəndaşı hazırda orada yaşayır. Onların da təqribən 300 minə qədəri əmək fəaliyyəti ilə məşğul olur. Yəni 300 min insan müvafiq qaydada icazəli şəkildə əmək patenti almaqla orada işləyir. Bu, statistik rəqəmlərdir. Təbii ki, qeyri-qanuni şəkildə işləyənlər də var. Sadəcə bu gün Rusiya qanunverciliyi imkan verir ki, hər bir Azərbaycan vətəndaşı 90 gün ərzində bu ölkənin ərazisində yaşasın, daha sonra bu müddət bitdiyi zaman yenidən Rusiyaya keçib öz işini davam etdirsin. Amma bu, bir çox hallarda qeyri-qanuni müstəvidə baş verir. Yəni kimsə özü üçün iş yeri qurur. Bununla da heç bir əmək münasibətləri rəsmiləşdirmədən öz iş yerini kənardan idarə etmiş olur. Sadaladığım bu kimi əlamətlərə görə Rusiya birinci yerdədir”.
İkinci yerdə olan Ukraynada da çoxsaylı vətəndaşlarımız var:
"Ayrı-ayrı mənbələrdə müxtəlif rəqəmlər səsləndirilir. Haradasa 250 mindən çox azərbaycanlının Ukrayna ərazisində yaşadığı və orada əmək faliyyəti ilə məşğul olduğu deyilir”.
O əlavə edib ki, Türkiyə azərbaycanlılar üçün maraqlı ölkə olması baxımından üçüncü yerdə qərarlaşıb:
"Bu səbəbdən hazırda Türkiyədə kifayət qədər azərbaycanlı işləyir. Müxtəlif mənbələrdə ayrı-ayrı rəqəmlər qeyd olunub.
Dördüncü yerdə olan Gürcüstanda bizim çoxlu şirkətlərimiz fəaliyyət göstərir. Azərbaycanlı iş adamlarının qurduğu əmək sahələrində soydaşlarımız çalışır. Sonuncu yerdə Orta Asiya respublikalarıdır. Məsələn, Qazaxıstanda Azərbaycan şirkətləri fəaliyyət göstərir. Məhz Azərbaycan şirkətləri vasitəsilə xarici ölkələrə üz tutan soydaşlarımız çoxdur”.
A.Allahverənovun fikrincə, azərbaycanlı miqrantların üz tutduğu ölkələr ənənəvi olaraq postsovet dövlətləridir:
"Çünki bu ölkələrlə aramızda viza rejimi yoxdur. Həmçinin həmin ölkələrin əmək bazarına müəyyən çıxışlarımız, şirkətlərimiz var. Bu kimi şərtlər və amillər o ölkələrə axın edən azərbaycanlılar, xüsusilə də işləmək istəyənlər üçün əlverişli mühit yaradır. Ən çox da Türkiyədə bizim çoxsaylı şirkətlərimiz fəaliyyət göstərir”.
Şura sədri əlavə edib ki, Avropa ölkələrindən Almaniya, Çexiya və Skandinaviya ölkələrində əmək fəaliyyəti ilə məşğul olmaq istəyənlər də var:
"Xüsusilə də son illər bu tendensiya artıb. Cexiya, Almaniya və Skandinaviya ölkələrində əmək fəaliyyəti ilə məşğul olmaq istəyənlər kifayət qədərdir. Bəziləri buna müvəffəq olsa da, bir çoxları bacara bilmir. İşləmək adı ilə gedib orada başqa status almaq istəyənlər də var. Soydaşlarımız tərəfindən müxtəlif yanaşmalar ola bilər, amma istənilən halda kütləvilik meyarlarına uyğun olaraq Rusiya, Ukrayna və Türkiyə üçlükdədir”.