Prezident: Bu sahədə çox ciddi addımlar atılıb
01.08.2019
"Biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb”.
Bunu Prezident İlham Əliyev iyulun 31-də keçirilmiş sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.
Azərbaycan Prezidenti bildirib ki, Dünya Bankının "Doing Business” proqramı çərçivəsində Azərbaycan 10 ən islahatçı ölkə kimi tanınır: "Biz 32 pillə irəliləmişik və hazırda 25-ci yerdəyik. Əlbəttə ki, bu, Azərbaycana investisiyaların cəlb edilməsi üçün müsbət rol oynayır və oynayacaq. Bütün aparıcı beynəlxalq maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirir.
O ki qaldı, infrastruktur layihələrinə, əlbəttə, bir çox layihələr icra edilib, o cümlədən sosial infrastrukturla bağlı və bu il də icra ediləcək. Onlarla məktəb tikiləcək, 10 şəhərdə mərkəzi xəstəxana yenidən tikiləcək, yaxud da ki, əsaslı təmir olunub istifadəyə veriləcək. Olimpiya kompleksləri - 3 Olimpiya Kompleksinin açılışı nəzərdə tutulur, biri artıq açılıb. Digər sosial infrastruktur layihələrinin icrası ilə bağlı konkret proqramlar, planlar var və bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapır”.