"Heris" İES istismara verildi
01.08.2019
İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Heris rayonunda "Heris" İstilik Elektrik Stansiyasının qazla çalışan hissəsi istismara verilib.
Trend-in məlumatına görə, bunu İranın Energetika Nazirliyi bildirib.
Məlumata görə, stansiyanın qazla çalışan hissəsi 310 meqavat, buxarla çalışan hissəsi isə 180 meqavatlıqdır.
Energetika Nazirliyinin məlumatına görə, "Heris" İES-nə 239,8 milyon avro vəsait xərclənib. Onun 4,8 milyon avrosu və 21 trilyon rialı (təxminən 175 milyon dollar) özəl sektorun investisiyasıdır.
Stansiyanın buxar hissəsi gələn il elektrik istehlakında pik vaxt başlanana qədər istismara veriləcək.
Stansiyanın açılış mərasiminə İran Prezidenti Həsən Ruhani də qatılıb.