ABŞ Çinə qarşı bu ölkədə baza yaradır
30.07.2019
ABŞ Avstraliyanın şimalında yeni hərbi dəniz bazası tikməyi planlaşdırır.
Bu məlumatı Avstraliya mətbuatı yayıb. Vaşinqton yeni baza üçün 211,5 milyon dollar xərcləməyi planlaşdırıb. Bazanın Darvin şəhərinin yaxınlığındakı Qlayd-Poynt məntəqəsidə tikilməsi nəzərdə tutulub.
Mətbuat ABŞ-ın bu istiqamətdə hərbi mövcudluğunu artırmasının Çinlə əlaqədar olduğunu bildirib. Belə ki, bunun sayəsində ABŞ Darvin limanını nəzarət altına alan Çin Kommunist Partiyasına bağlı "Landbric Qrup” şirkətini nəzarətdə saxlaya biləcək.
Artıq Avstraliyanın Xarici İşlər naziri Meris Peyn məlumatı təsdiqləyib. O, bazanın tikilməsi üçün Konqresin layihəni təsdiqləməsi gərəkdiyini vurğulayıb.
Qeyd edək ki, hazırda ABŞ-ın Avstraliyada bir neçə hərbi bazası var. Bunlar ölkənin şimal, qərb, şərq və mərkəzi hissələrində yerləşir.