MTN generalının məhkəməsi başlayır
30.07.2019
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyev barələrindəki məhkəmə qərarından verilən kassasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.
Ali Məhkəmədə hakim Fərhad Əliyevin sədrliyi ilə keçirilən proses avqustun 1-ə təyin edilib.
Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs ediliblər. Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib. Məhkəmə hər iki təqsirləndirilən şəxsin rütbədən məhrum edilməsi barədə ölkə Prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib. Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib. E.Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib. Hökmdən narazı qalan hər iki şəxs apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi isə apelyasiya şikayətini təmin etməyib, hökmü qüvvədə saxlayıb.
Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra Nazirliyin Antiterror Mərkəzinin rəisi, general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasında kafedra rəisi təyin edilib.