Azərbaycan 84-cü oldu
26.07.2019
129 ölkəni əhatə edən və Kornell Universitetinin (ABŞ), İNSEAD Biznes məktəbinin (Fransa), Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə nəşri olan Qlobal İnnovasiya İndeksi- 2019 dərc edilib.
Qİİ - 2019-cu ilin reytinqi innovasiya fəaliyyətinin potensialı, məhsuldarlığı və çərçivə şərtlərini əhatə edən 80 indikator əsasında tərtib olunub. Təhlil edilən indikatorlar geniş məlumatlar spektrini ehtiva edirlər – qanuvericilik, elm və təhsildən patentlərə və digər əqli mülkiyyət obyektlərinə iddia sənədlərinin sayınadək. Bazarın, biznesin, infrastrukturun inkişafı da burada xüsusi yerə malikdir. Qİİ-nin dərc olunmasında əsas məqsəd innovasiya fəaliyyətinin stimullaşdırılması mexanizmlərinin qiymətləndirilməsi üçün imkanların yaradılmasıdır.
Qİİ - 2019-cu ilin lideri İsveçrədir, ondan sonra gələnlər İsveç, ABŞ, Hollandiya və Böyük Britaniyadır. Ən çox innovasiyalı ölkələr onluğuna həmçinin Finlyandiya, Danimarka, Sinqapur, Almaniya və İsrail daxildirlər. Maraqlı olan Çinin ikinci onluğa daxil olaraq, 14-cü yeri tutmasıdır.
Postsovet məkanı ölkələri arasında ən yaxşı göstəricilər Estoniya (23-cü yer) və Litvadadır (34-cü yer). Rusiya 46-cı, Azərbaycan isə 84-cü yeri tutur.
Qİİ - 2019-cu ilin reytinqi iki yekunlaşdırıcı subindeksə daxil olan innovasiya fəaliyyətinin 7 qrup göstəricilərdən ibarətdir. "İnnovasiya resursları” subindeksi innovasiya prosesləri baş verən milli iqtisadiyyatın elementlərini beş qrupa bölərək (1 - institutlar; 2 – insan kapitalı; 3 – infrastruktur; 4 – daxili bazarın inkişafı və 5 – biznesin inkişafı), onları qiymətləndirməyə imkan yaradır. "İnnovasiya nəticələri” subindeksi innovasiya fəaliyyətini iki qrup üzrə - 6 – texnologiyaların inkişafı və biliklər və 7 – kreativ fəaliyyətin nəticələri - bölməklə, bu fəaliyyətin faktiki nəticələrini əks etdirir. Bu subindeks üzrə Azərbaycan MDB çərçivəsində Ukraynanı, Ermənistanı, Qırğızıstanı, Moldovanı və Tacikistanı qabağlayaraq, reytinqdə 77-ci yeri tutur.
Həmin "İnnovasiya resursları” subindeksinin "Universitetlər və sənaye əməkdaşlığı”, "Klaster inkişafı” və "Universitetlərin məzunları” indikatorları üzrə ölkəmiz, müvafiq olaraq, yüksək 32-ci, 33-cü və 38-ci yerləri tutmuşdur.
Ən yaxşı nəticə isə bu subindeksin "Daxili bazarın inkişafı” blokunda əldə edilib – 31-ci yer. Bu blokda ölkəmiz "İnvestisiyalar” göstəricisi üzrə reytinq ölkələri arasında 1-ci, "Kredit almağın asanlığı” göstəricisi üzrə isə - 20-ci yerdə qərarlaşmışdır.
"İnnovasiya resursları”nın "Institutlar” blokunun "Biznes-mühit” göstəricisi üzrə Azərbaycan yüksək 33-cü yerdə olmuşdur. Ümumilikdə, "İnnovasiya resursları” subindeksinin "İnstitutlar” bloku üzrə ölkəmiz ötən ilin reytinqi ilə müqayisədə mövqeyini yaxşılaşdırıb.
İnnovasiyalar üçün əlverişlilik səviyyəsini əks edən "İnnovasiya resursları” subindeksi kimi, innovasiyalar sahəsində nailiyyətləri əks etdirən "İnnovasiya nəticələri” subindeksi də az mahiyyətə malik deyil.
Bu subindeks ilə bağlı qeyd etmək lazımdır ki, onun "Kreativ fəaliyyətin nəticələri” bloku üzrə nəticələr yüksəlib. Bu subindeksdə əqli fəaliyyətin göstəriciləri kifayət qədər yüksək yerlərdə olub: rezidentlərin ixtiralara patent iddia sənədləri üzrə – 60-cı, rezidentlərin faydalı modellərə patent iddia sənədləri üzrə – 53-cü yer.
Onu da qeyd etmək lazımdır ki, ölkə rəhbərliyinin əqli mülkiyyət sahəsinə diqqəti, sahənin idarəetmə strukturunun təkmilləşdirilməsi öz müsbət nəticələrini verməkdədir. Belə ki, Patent Əməkdaşlığı haqqında Müqavilə (PCT) çərçivəsində rezidentlər tərəfindən verilən "Beynəlxalq patent iddia sənədlərinin sayı” göstəricisinə görə ölkəmiz ötən ilin reytinqi ilə müqaisədə beş pillə irəlliləyərək, 67-ci yeri tutmuşdur.
"İnnovasiya nəticələri” subindeksində "İKT göstəricisi və təşkilati modelin yaradılması” indikatoru üzrə Azərbaycan 35, "İKT göstəricisi və biznes modelin yaradılması” indikatoru üzrə isə 48-ci yerdə qərarlaşmışdır.