Ticarət mərkəzinə basqın olub
20.07.2019
Parisin ən böyük "Galeries” ticarət mərkəzinə maskalı şəxslər tərəfindən basqın olub.
BFM telekanalının saytı xəbər verir ki, Fransa paytaxtının Lafayett rayonunda yerləşən ticarət mərkəzinin mühafizəçiləri ilə əllərində soyuq silahlar olan quldurlar arasında əlbəyaxa dava-dalaş olub. Talançılardan bir neçəsi çəkiclə yan qapıların şüşələrini və vitrinləri sındırıb. Mühafizə xidmətinin əməkdaşları quldurları ticarət mərkəzindən qova biliblər. Lakin onların bir neçəsi bədən xəsarətləri alıb.
"Galeries” ticarət mərkəzinə dəyən ziyanın məbləği hələ dəqiqləşdirilməyib. Cinayətkarların bir neçə bahalı saatı oğurladıqları bildirilir. Paris prokurorluğu insidentlə bağlı təhqiqat aparır. Basqında iştirak edənlərin heç birini yaxalamaq mümkün olmayıb.