Oğurluğa görə bu rayon rekord vurur
20.07.2019
Bakının Xətai rayonu bir sutka ərzində qeydiyyata alınmış oğurluq hallarının sayına görə rekord vurub. Belə ki, daxili işlər orqanlarının əməkdaşları iyulun 18-dən 19-dək şəxsi əmlakın oğurlanması üzrə 15 hadisə qeydə alıblar.
Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat veriblər.
Əldə olunmuş məlumata görə, bu rayondakı mənzillərin birində iri məbləğdə oğurluq hadisəsi törədilib. Belə ki, 39 yaşlı Sevda Xəlilovanın 15 min manat dəyərində qızıl zinət əşyaları oğurlanıb. Qadın polisə şikayət edib və hətta oğurluqda şübhəli bildiyi şəxsin adını açıqlayıb. Oğrunun S.Xəlilovanın qonşusu olduğu məlum olub. Şübhəli hələ saxlanılmadığına görə onun adı açıqlanmır.
Həmin rayonun 37-cı Polis Bölməsinin ərazisində Babək prospektində yerləşən 10 nömrəli evin komendantının şübhəli bilindiyi oğurluq hadisəsi törədilib. Məlumata görə, ev sahibi A.Rəhimov bildirib ki, iyulun 18-də saat 16:00-da binanın komendantı (istintaqın maraqlarına uyğun olaraq adı açıqlanmır) dərman istəmək üçün onun yanına gəlib. Komendantın gedişindən sonra isə kişi 3000 manat dəhərində qızıl zinət əşyalarının oğurlandığını aşkarlayıb. Faktla bağlı təhqiqat aparılır, hələlik saxlanılan yoxdur.
Bu arada Sabunçu Rayon 14-cü Polis Bölməsinin əməkdaşları operativ-axtarış tədbirləri nəticəsində oğurluqla məşğul olan cinayətkar qruplaşmanın ehtimal edilən üzvlərini saxlayıblar. Bildirilir ki, iyulun 18-nə keçən gecə Maştağa qəsəbəsindəki "Oba” mağazalar şəbəkəsində oğurluğa cəhd olub. Cinayətkarlar mağazanın qapısının qıfılını sındırsalar da, planlarını sonadək həyata keçirə bilməyiblər. Polislər onların planlarına mane olublar. Cinayətkarlar polisləri görüb qaçsalar da, tezliklə tutulublar.
Tutulanlar bunlardır: daha əvvəl oğurluğa görə mühakimə edilmiş 2001-ci il təvəllüdlü Fərid İsmayılzadə, dövlət təltiflərinin oğurlanması və satılmasına görə mühakimə edilmiş 1993-cü il təvəllüdlü Sakit Əkbərov, 2002-ci il təvəllüdlü Şəmsi Məmmədli, 2003-cü il təvəllüdlü Saləddin Abıyev və 1965-ci il təvəllüdlü Əliəşrəf Fəttahov.