İvanişvili Rustavi-2-ni məhv etməyi planlaşdırır
18.07.2019
Avropa İnsan Haqları Məhkəməsi Rustavi-2 telekanalı işi ilə bağlı Gürcüstan məhkəmələrinin qəbul etdiyi qərarlarda heç bir pozuntu aşkarlamayıb.
Xəbər verildiyi kimi, bu məlumatı "İmedi” televiziyası yayıb.
Gürcüstan Ədliyyə naziri Teya Çulukiani Avropa Məhkəməsinin Rustavi-2 ilə bağlı qərarını dövlətin tam qələbəsi adlandırıb.
Qeyd edək ki, Rustavi-2 2017-ci ildə Gürcüstan Ali Məhkəməsinin iki aşağı instansiya məhkəməsinin televiziyanın bütün səhmlərinin "Panorama” şirkətinin sahibi, biznesmen Kibar Xalvaşiyə verilməsiylə bağlı qərarını qüvvədə saxlamasından sonra Avropa Məhkəməsinə müraciət edib.
2004-2012-ci illər arasında Rustavi-2 televiziyası 20 dəfə rəhbər dəyişikliyinə məruz qalıb. Bu televiziya indiyə qədər Saakaşvilinin Gürcüstandakı sonuncu dayaqlarından biri hesab edilirdi. Müxalifət və televiziya rəhbərliyi Rustavi-2 telekanalı ilə bağlı məhkəmə prosesini keçmiş Baş nazir Bidzina İvanişvilinin təşkil etdiyini iddia edir. Onların fikrincə, İvanişvili televiziyanı Xalvaşiyə verməklə öz nəzarəti altına almağı və ölkədəki sonuncu azad televiziyanı məhv etməyi planlaşdırır.