Faysal Rerras: Azarkeşlər döyüşkən futbolçu görəcəklər
16.07.2019
Çox möhtəşəm bir kluba gəlmişəm. İnfrastrukturla tanış oldum, hər şey yüksək səviyyədədir. Belə bir kluba gəldiyim üçün çox həyəcanlıyam. İlk oyuna çıxacağım günü səbirsizliklə gözləyirəm.
Oxu.Az xəbər verir ki, bunu "Qarabağ” futbol klubunun yeni transferi Faysal Rerras deyib.
26 yaşlı Belçika doğumlu, Mərakeş əsilli müdafiəçi hansı cinahda oynamasından və "Qarabağ” barədə məlumatlı olmasından danışıb:
"Müdafiənin həm sağ, həm də sol cinahlarında çıxış edə bilərəm. Hətta yarımmüdafiə xəttində oynamışam. Hansı mövqedə oynamağımdan asılı olmayaraq, komandama fayda vermək üçün əlimdən gələni edəcəyəm.
"Qarabağ” haqqında məlumatım var idi, avrokuboklarda oyunlarını izləmişdim. Fransa klubları ilə oynayan zaman klub barədə daha çox məlumatım oldu. Azarkeşlər meydanda döyüşkən, sona qədər mübarizə aparan futbolçu görəcəklər”.
Qeyd edək ki, Faysal Rerras "Qarabağ”ın yay mövsümündə heyətinə qatdığı üçüncü transferdir.