“Agent 007”ni qaradərili aktrisa canlandıracaq - FOTO
15.07.2019
Kino həvəskarlarının səbirsizliklə gözlədikləri 25-ci "Ceyms Bond” filmində "Agent 007”ni canlandıracaq aktrisanın adı açıqlanıb.
"Daily Mail”in yaydığı məlumata görə, həmin rolu qaradərili tanınmış aktrisa Laşana Linç ifa edəcək.
Filmin süjet xətti belədir: Ceyms Bondu canlandıracaq dünya şöhrətli aktyor Deniel Kreyq işlərini kənara qoyub, dincəlmək üçün Yamaykaya yol alacaq, "007 nömrə” isə yeni agent təyin edilərək, ön plana çıxacaq.
"Filmin ilk səhnəsində otağa qaradərili "Agent 007” Laşana girəcək. Bu, elə bir an olacaq ki, izləyicilər bu səhnəyə baxan zaman yedikləri pop-korn əllərindən yerə töküləcək”, - məlumatlı mənbədən bildiriblər.
Yayılan şayiələrə görə, 2006-ci ildən Bondu canlandıran Denieldan sonra "Agent 007” roluna qaradərili məşhur aktyor İdris Albanın çəkiləcəyi deyilirdi.
Bununla yanaşı, baş rolda qadın qəhrəmanın iştirakı ilə bağlı müxtəlif müzakirələr aparılırdı. 25-ci "Ceyms Bond”un müəllifi Fibi bir güllə ilə iki dovşanı vuraraq, Kreyqin getməsini gözləməyərək, hər iki ideyanı birləşdirib.