Xan Sarayında yaralananlardan XƏBƏR VAR
15.07.2019
Səhiyyə Nazirliyi Şəkidə baş verən hadisə ilə bağlı xəsarət alanların son vəziyyəti haqqında məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə alan Xatirə Ağamalıyevanın (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) vəziyyəti ağır, Elxan Məmmədovun (onurğanın qapalı travması) vəziyyəti isə orta-ağır hesab olunur.
Klinik Tibbi Mərkəzdə olan İlkin Məmmədovun (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq), Sara Hasan (çanaqda sağ bud sümüyünün qapalı travması), Farik Hasanın (sol incik sümüyünün sınığı), Al Hasan Samirənin (sağ baldır sümüyünün yerdəyişən sınığı) vəziyyətləri ağır stabildir, həyati təhlükələri yoxdur.
Qeyd edək ki, iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 4 nəfərin vəziyyəti ağırdır.