Güləşçilərimiz iki medal qazanıblar
14.07.2019
Türkiyənin İstanbul şəhərində keçirilən sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turniri sona yaxınlaşır.
Üçüncü yarış günündə Azərbaycan yığmasının son 5 üzvü mübarizəyə qoşulub.
Mahal Novruzov (74 kq) debütdə Türkiyə təmsilçisinə, Murad Süleymanov (86 kq) isə komanda yoldaşı Aleksandr Qostiyevə uduzub.
Daha sonra Rio Olimpiadasının gümüş medalçısına qalib gələn Qostiyev yarımfinala yüksəlib. Slovakiya nümayəndəsini də yenən Aleksandr finala vəsiqə qazanıb. Həlledici qarşılaşmada Hindistandan olan rəqibinə də qalib gələn yığma üzvü qızıl medala sahib olub.
Mübarizəyə 1/4 finaldan qoşulan Şamil Zubairov (92 kq) da Türkiyə idmançısını üstələyərək adını yarımfinala yazdırıb. Ancaq ABŞ pəhləvanı gənc güləşçimiz üçün keçilməz olub. Zubairovun təsəllisi bürünc medal olub.
Aslanbek Alborov isə Hindistan və Qırğızıstan güləşçilərini yolundan kənarlaşdırmaqla yarımfinala adlayıb. Lakin finalın bir addımlığında İran güləşçisinə müqavimət göstərə bilməyib.
Qeyd edək ki, daha öncə Murtuzəli Müslimov (70 kq) qızıl, Georgi Edişeraşvili (57 kq) bürünc medal qazanıb.