Özünü türk iş adamı kimi tanıdıb oğurluq elədi
12.07.2019
Bakıda özünü türk iş adamı kimi qələmə verərək, dələduzluq yolu ilə insanları aldadan və zərərçəkənlərin qiymətli əşyalarını ələ keçirən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis şöbəsinə müraciət edən zərərçəkən bir müddət əvvəl özünü Hakan kimi təqdim edən şəxslə tanış olduğunu və həmin şəxsin onun mobil telefonunu oğurladığını bildirib
Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Salyan rayon sakini Məmmədəli Əhmədov saxlanılıb.
O, ifadəsində özünü türk iş adamı kimi təqdim etdiyini və zərərçəkənlə guya fermasını almaq adı ilə görüşdüyünü, bu zaman onun mobil telefonunu oğurladığını etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.