Xorxe Rodriqes: Müxalifətlə danışıqlar uğurlu keçir
11.07.2019
"Müxalifətlə danışıqlar prosesi uğurlu keçir”.
"Dövran Media" "TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Venesuelanın rabitə və informasiya naziri Xorxe Rodriqes müxalifətlə baş tutan danışıqları şərh edərkən bildirib.
"Barbadosda danışıqlar prosesinin növbəti günü baş çatdı. Mübahisələr konstitusiya və sülh yolu ilə həll edilir. Norveç hökumətinin vasitəçiliyi ilə tərəflər arasında uğurlu fikir mübadiləsi aparılır”, - deyə X. Rodriqes vurğulayıb.
Nazir həmçinin Barbadosun baş naziri Miya Mottliyə təşəkkürünü bildirib.
Xorxe Rodriqes müxalifətlə danışıqlar prosesinə qatılan Venesuela prezidenti Nikolas Maduro administrasiyasının nümayəndə heyətinin üzvüdür.
Qeyd edək ki, Venesuelada bu ilin yanvarında başlayan etiraz nümayişləri fonunda müxalifət lideri Xuan Quaydonun özünü müvəqqəti prezident elan etməsindən sonra ölkədə vəziyyət gərginləşib. May ayında Norveç hökumətinin vasitəçiliyi ilə paytaxt Osloda Venesuela hökuməti və müxalifəti arasında danışıqların 2 raundu keçirilib. İyulun 8-də Barbadosda Venesuela hökuməti və müxalifəti arasında dialoqun yeni mərhələsinə start verilib.