Şəkini görməyənlər üçün - VİDEO
10.07.2019
Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayının Ümumdünya İrs Siyahısına salınmasından sonra şəhərə tursit axınının olacağı proqnozlaşdırılır.
Hər daşı tarix olan Şəki kifayət qədər böyük əraziyə malik, tarixi abidələrlə zəngin olduğundan bura qısa müddətlik səfər edənlərin hər yeri gəzib-görməsi isə mümkünsüzdür.
Lakin "Yurd Yaddaşı” ekspozisiya muzeyi bunun üçün şərait yaradır.Burada Şəki şəhərinin tarixi abidələri maket formasında nümayiş olunur. Şəkiyə gələn və hər yerini gəzmək imkanı olmayan qonaqlar qədim tarixi abidələrlə zəngin olan şəhəri bu formada görə, balaca modeli ilə bu muzeydə tanış ola bilərlər.
Qonaqlar burada bələdçilər tərəfindən ətraflı məlumatlandırılır. İki mərtəbədən ibarət olan ekspozisiya zalının birinci mərtəbəsində Şəkinin qədim hissəsi, tarix-memarlıq qoruğunun yerləşdiyi ərazinin maketi və tarixi şəxsiyyətlər nümayiş olunur.
İkinci mərtəbədə isə Şəki sənətkarları ilə bu bölgədə inkişaf etmiş sənət nümunələri yer alır.
Muzeyin bələdçisi Rəvanə Vəlibəyovanın sözlərinə görə, burada 40-dan artıq tarixi abidənin maketləri mövcuddur. Bununla yanaşı, Şəkinin tarixi şəxsiyyətlərinin fotoları və onlar haqqında məlumatlar da muzeydə nümayiş olunur.Ekspozisiya zalında nümayiş etdirilən eksponatlara xarici turistlərin də marağı artıb.
Oxu.Az-ın bölgə müxbirinin "Yurd Yaddaşı”muzeyindən hazırladığı reportajı təqdim edirik