21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Onun heykəli ucaldılacaq - SƏRƏNCAM

10.07.2019

Prezident İlham Əliyev Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı Fərman Qurban oğlu Salmanovun xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan, xüsusi istedadı ilə fərqlənən iki nəfər tələbə üçün "Fərman Salmanov adına təqaüd” təsis edilir.
Bundan başqa, Şəmkir şəhərində Fərman Salmanovun heykəli ucaldılacaq, Şəmkir rayonunda təhsil aldığı ümumi təhsil müəssisəsinə Fərman Salmanovun adı veriləcək.
Təqaüdün verilməsi qaydası iki ay müddətində müəyyən edilib Azərbaycan Prezidentinə məlumat veriləcək.
Qeyd edək ki, Fərman Qurban oğlu Salmanov Rusiya tarixində Tümenin təbii sərvətlərinin ilk kəşfiyyatçılarından biri kimi tanınır.
O, 28 iyul 1931-ci ildə Şəmkirdə anadan olub. Azərbaycan Sənaye İnstitutu, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji kəşfiyyat fakültəsini bitirib. F.Salmanov Kuzbasa neft-qaz yataqlarına kəşfiyyata göndəriləndə qərara gəlir ki, orada heç bir neft-qaz potensialı yoxdur, buna görə də sovet rəsmilərindən icazə almadan könüllülərlə Sibirin Surqut bölgəsinə üz tutur. O vaxtlar Sibir perspektivsiz ərazi sayılırdı.
F.Salmanov 1961-ci il martın 21-də Megion yatağını kəşf edir və orada qazılan ilk kəşfiyyat quyusu fontan vurur. Geologiya Nazirliyindəki əleyhdarları neft fontanının tezliklə tükənəcəyini deyirlər. O, Üst-Balıqda II neft-qaz yığımını kəşf edir, N.Xuruşşova məktub göndərir:
"Mən neft tapmışam. Bax belə”.
Bir müddət sonra Sovet liderləri Salmanovun kəşflərinin əhəmiyyətini anlayırlar. Sibir ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilir.
F.Salmanov ömrünün 50 ilini Sovet İttifaqı və Rusiya Federasiyasının neft-qaz sənayesinə həsr edib, 100-dən artıq nəhəng neft-qaz yatağı kəşf edib və ya bəzilərinin kəşfində iştirakçı olub.
1978-ci ildən 1987-ci ilə qədər Tümen vilayətinin Neft-Qaz Kəşfiyyatı İdarəsinə rəhbərlik edib.
1987-1991-ci illərdə SSRİ geologiya nazirinin I müavini kimi işləyib. Həyatının sonuna qədər Rusiyanın "İtera Qaz Şirkəti” prezidentinin məsləhətçisi kimi çalışıb.
160-dan artıq monoqrafiya və elmi əsərin müəllifi, Rusiya Elmlər Akademiyasının müxbir üzvi, "Lenin ordeni”, "Sosialist Əməyi Qəhrəmanı”, "Qırmızı Əmək Bayrağı ordeni”, "Surqut şəhərinin fəxri vətəndaşı” və s. kimi ordenlərlə təltif olunub. Haqqında "Tayqa qəhrəmanı” sənədli filmi çəkilib.
2007-ci il 31 martda 75 yaşında Moskvada vəfat edib.
Bu il mayın 31-də Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə Surqut aeroportuna əfsanəvi azərbaycanlı geoloq Fərman Salmanovun adı verilib.