Xəzəryanı ölkələr Tehrana toplaşır
10.07.2019
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclası iyulun ortalarında Tehranda keçiriləcək.
Bunu açıqlamasında Azərbaycan Xarici İşlər nazirinin müavini, Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov deyib.
Onun sözlərinə görə, İran paytaxtında bazis xətlərinin müəyyən edilməsi metodikası haqqında saziş layihəsinin razılaşdırılması davam edəcək, bu sənəddə mövcud açıq müddəalar müzakirə olunacaq:
"Bu iclaslarda, adətən, Xəzər dənizində ümumi və sahə əməkdaşlığının icmalı aparılır. Təbii ki, konkret sahə layihələri üzrə fikir mübadiləsi baş tuta bilər”.
X.Xələfov bir neçə gün əvvəl Moskvada baş tutmuş Xəzər dənizi üzrə Azərbaycan-Rusiya ikitərəfli məsləhətləşmələrinə də toxunub:
"Bu, Rusiya tərəfindən planlaşdırılmış məsləhətləşmə olub. Adətən, biz beştərəfli görüşlər arasında ikitərəfli və üçtərəfli məsləhətləşmələr aparırıq. Astana sammitində Xəzəryanı dövlət başçılarının qəbul etdiyi Xəzərin hüquqi statusu haqqında Konvensiyanın icrası üzrə geniş fikir mübadiləsi apardıq”.
Nazir müavini diqqətə çatdırıb ki, Moskvada, o cümlədən, digər Xəzəryanı dövlətlər (Qazaxıstan, İran və Türkmənistan) tərəfindən Konvensiyanın ratifikasiyası prosesi müzakirə edilib:
"Eyni zamanda, bazis xətlərinin müəyyənləşdirilməsi metodikası haqqında saziş layihəsini müzakirə etdik”.